Xəsislik etməmək, var-dövləti yığıb toplamamaq

Quran əxlaqından uzaq olan cəmiyyətlərdə bir nəfəqə (sədəqə) vermək anlayışı geniş yayılmışdır. Həmin anlayışa görə, vicdanını rahat etmək üçün insan öz mal-dövlətindən az miqdarını sədəqə olaraq verir. Beləliklə də böyük bir dini vəzifəni yerinə yetirmənin rahatlığı ilə malının yerdə qalan böyük bir hissəsini əlində saxlayır. Halbuki Quranda bunun yanlış davranış olmasına açıq şəkildə diqqət yetirilir. Ayələrdə belə buyrulur:

«İndi gördünmü dönəni, bir az verib qalanına xəsislik göstərəni?»
(«Nəcm» surəsi, 33-34).

Allahın Quranda bildirdiyi infak, yəni Allah yolunda mal-dövlət sərf etmək ibadəti isə tamamilə fərqlidir. Qurana görə, nəfəqədəki ölçü «Ehtiyacınızdan artıq qalan» kimi göstərilir («Bəqərə» surəsi, 219). Bu, Allahı hər kəsə fərz qıldığı bir hökmdür. Ayə belədir:

«...Allah yolunda nəyi paylamalı (infak etməli) olduqlarını soruşanlara isə de: «Ehtiyacınızdan artıq qalanını paylayın!» Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə fikirləşəsiniz» («Bəqərə» surəsi, 219).

Həmin hökmə riayət etməyən insanın itirdiyi yalnız az əcr qazanmaq deyil, bu insan eyni zamanda Allahın sevmədiyi bir davranışı etməklə axirət baxımından böyük bir məsuliyyət daşıyır. Çünki ehtiyacdan artıq qalanı əlində saxlayan bir insan Allahın qəti olan bir hökmünü inadla yerinə yetirmir. Xəsislik etməkdə və əslində tamamilə Allaha aid olan, Allahın insana bir sınaq olaraq verdiyi və nəfəqə verməsini bildirdiyi malı haqsız olaraq gizləyir. Allah inkarçılara xas bu davranışı göstərən insanları Quranda belə tərif edir:

«O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!» («Nisa» surəsi, 37).

Quran ayələrində, sanki kimsə ondan istəyəcək qorxusu ilə Allahın verdiyi malı və nemətləri gizləyən insanların axirətdəki ağır aqibətləri belə bildirilmişdir:

«Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq: «Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!» - deyiləcəkdir!»
(«Tövbə» surəsi, 34-35).


«O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur» («Huməzə» surəsi, 2-6)».

Əlbəttə, bir mömin bu ayələrdə göstərilən ölçüdə xəsislik edə və ya mal yığa bilməz. Burada diqqət edilməli məqam xəsislik və ya mal-mülk yığmağa insanların meyl etməsidir. Ola bilər ki, insan malının böyük bir hissəsini Allah yolunda sərf etsin. Lakin ehtiyacından artıq olan çox az hissəsini özünə ayırmağa və ya gələcəyi üçün saxlamağa təbii baxırsa, yuxarıdakı ayələrdə bildirilən düşüncəyə meyl etmiş olur. Çünki xəsisliyin və mal yığmağın əsasını təşkil edən səbəblər gələcək üçün narahatlıq, kasıblıq qorxusu, bu dünyanı axirətdən üstün tutmaq kimi təlaşlardır. Bu təlaşların səbəbi isə Allaha olan etibarın zəif olması və təvəkkülün az olmasıdır. Təvəkkül etməmək də iman zəifliyindən irəli gələn mühüm problemdir. Göründüyü kimi, çox kiçik, əhəmiyyətsiz hesab edilən çatışmazlıqların kökündə çox mühüm qüsurlar dayana bilər. Allahın digər hökmlərini qorumaqda olan qüsurlar kimi nəfəqə mövzusundakı bu qüsur da insanın həqiqi iman halını, ixlas və səmimiyyət dərəcəsini göstərir. Əsl mömin kiçik mənfəətlərə tamah salaraq dünyada və axirətdə böyük bir itki verməkdən qorxub-çəkinməli və Allahın bu hökmünü diqqətlə yerinə yetirməlidir.

Geri