Allahdan bağışlanma diləmək

Bir ayədə belə bildirilir:

«Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər» («Nəhl» surəsi, 61).

Ayədə bildirildiyinə görə, insanlar zülmləri səbəbindən imtahana çəkildikləri zaman yer üzündə heç bir canlı kənarda qalmayacaq. Aydındır ki, bura iman gətirənlər də daxildir. Belə olan halda heç bir mömin özünü xətasız və günahsız hesab edə bilməz.

İman gətirənlər də gün ərzində bilərəkdən və ya bilməyərəkdən bir çox səhvlərə yol verə bilərlər. Ağlının, imanının, şüurunun dərəcəsinə görə həmin səhv və günahlar da artıb-azala bilər. Lakin heç bir insan səhv iş görməyəcəyinə əmin ola bilməz. Özünü qüsursuz və ideal hesab etmək özlüyündə müxtəlif günahlara səbəb olacaq səhv düşüncədir. Quranda belə bir qüsursuzluq iddiasının fironlara xas anlayış olduğu bildirilir.

Mömin insan imanı və bundan irəli gələn şüuru da artdıqca özünü günahsız hesab etməyə deyil, öz səhv və günahlarını daha yaxşı dərk etməyə başlayır. Yaşadığı şəraiti daha yaxşı dərk etdiyi, Allah qorxusu daha çox artdığı üçün, bir tərəfdən, səhvlərini düzəltməyə, onları təkrarlamamağa çalışır  digər tərəfdən isə istəyərəkdən və ya istəməyərəkdən etdiyi günahlar üçün daim Allahdan bağışlanmasını  diləyir. Şüurlu bir möminin göstərəcəyi davranış da elə budur. Bundan əlavə, bağışlanma diləmək bütün möminlərə fərz qılınmışdır:

«Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyuk günün sizə üz verəcək əzabından qorxuram» («Hud» surəsi, 3).

Bu ayədən həmçinin o da məlum olur ki, Allahdan bağışlanma diləmək nemətlərin verilməsinə səbəb olacaq.

Bir çox Quran ayələrində peyğəmbərlərin müxtəlif səbəblərdən Allahdan bağışlanma diləmələrindən bəhs edilir. Həmin anda hər hansı bir günahı etmiş olsalar da, Allahın əzabını xatırladıqları zaman və ya Allahın bir imtahanı ilə qarşılaşdıqları zaman peyğəmbərlərin dərhal Allahdan bağışlanma dilədiklərini  görürük. Bir ayədə də Hz.Peyğəmbərimizin (s.ə.v.) insanların axın-axın dinə gəldiklərini görəndə Allaha şükür edib bağışlanma diləməsi bildirilir. Başqa bir ayədə isə cənnətə daxil olan möminlərin mədh edilən xüsusiyyətləri arasında onların Allahdan bağışlanma diləmələrindən bəhs edilir:

«Səhərlər isə Allahdan bağışlanmalarını diləyirdilər» («Zariyat» surəsi, 18).

Məlum olduğu kimi, bağışlanma diləmək həmin anda günah iş görüb-görməməkdən asılı deyil. Bağışlanma diləmək möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun yardımı olmadan hətta günahdan uzaq olmasının da mümkün olmadığını dilinə gətirməsidir. Onun bağışlanma diləməyə əhəmiyyət verməməsinin əsasında öz acizliyinin, qüsurunun, günahlarının fərqində olmamaq kimi qəflət və şüursuzluq dayanır. Bunun təbii nəticəsi olaraq da insanın qəlbi qatılaşır və vaxt keçdikcə, o, öz nəfsini ilahiləşdirib şeytan əlaməti olan xudbinlik və özündən razı bir vəziyyətə düşür. Özündən razılıq isə Quranda da bildirildiyi kimi, insanları azğınlaşdırır, onları şeytanın əsgərlərinə çevirir:

«(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün hazır əsgərlərdir» («Yasin» surəsi, 75).

Geri