İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək

Möminin diqqət edəcəyi məsələlərdən biri də onun gündəlik həyatın qarışıqlıqları içində dünyəvi hadisələrə aldanaraq həqiqi məqsədini unutmamaqdır. Möminin əsas vəzifəsi Allahın qulu olduğunu unutmamaq, Quranda bildirilən əmr və tövsiyyələri dəqiqliklə yerinə yetirməkdir. İnsan əldə etdiyi iman dərəcəsini daim təzələmək və inkişaf etdirmək yönündə çalışmadıqca mövcud vəziyyətini də qoruya bilməz, mənəviyyatı sürətlə köhnəlməyə, imani həssaslığı, ağılı isə azalmağa başlayar.

Bəzi insanlar üçün rahat bir şərait çətin şəraitə nisbətən daha böyük bir imtahandır. Çətinlik və əziyyət zamanı ağıl və şüur açıq olduğu üçün bəzilərinə görə Allahla olan mənəvi bağı qorumaq daha asandır. Lakin mühüm olan məsələ həmin əlaqəni hər bir şəraitdə qorumaqdır.

Hətta Allah yolunda bir çox çətinlikləri və ağır imtahanları geridə qoymuş bir insan da düşüncəsini, imandan irəli gələn şövqünü, həyəcanını və əsl məqsədini unutmamalıdır. Əks təqdirdə insanın qəlbi qatılaşır, vicdanı korşalıb hissiyyatsız olur, düşdüyü fəlakəti dərk edə bilmir və öyüd almır. Allahın diləməsi xaricində çıxılmaz bir vəziyyətə düşür. Kor olan qəlbi artıq axirəti görmədiyi üçün bu müvəqqəti dünyaya bağlanır. Dünya və dünyanın müvəqqəti bəzəkləri, saxta cazibəsi ona Allahdan, rəsulundan və Allah yolunda mübarizə aparmaqdan daha sevimli olur. Allah möminlərə bu təhlükəyə qarşı Quranda belə xəbərdarlıq edir:

«De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!» («Tövbə» surəsi, 24).

Mömin bilməyərəkdən dünya həyatına meyllənmək təhlükəsi qarşısında olduqca diqqətli olmalıdır. Bir möminin bu qədər ifrata varmasa da, vaxtaşırı qəflətə qapılaraq Allah rizasının olduğu bir işi tərk edib nəfsinə xoş gələn bəzi dünyəvi faydalara tamah salması, ona yaraşmayan bir haldır. Belə hərəkətlərin ardınca hər zaman küfrə, münafiqliyə açılan bir qapı vardır. Bütün bunlara qapılıb dünyəvi mənfəəti Allah rəsulundan üstün tutaraq onu tərk edənlərin vəziyyəti də belədir:

«Onlar (özlərini tamamilə Allaha və İslama təslim etməyənlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»« («Cümə» surəsi, 11).

Qəlblərində daim Allah qorxusu, qiyamət və cəhənnəm qorxusu olan səmimi möminlər isə dünyanın müvəqqətiliyinə aldanmazlar:

«O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar» («Nur» surəsi, 37).

Geri