Evə daxil olanda salam vermək

Quranda həyatın hər bir anında, hər bir kiçik və böyük hadisədə Allahla sıx əlaqədə olmağa və daim axirəti xatırlamağa əsaslanan iman anlayışı göstərilir. Quranda həmçinin peyğəmbərlərdən misal gətirildiyi zaman bir çox yerdə onların hər zaman Allaha sığınan və axirəti xatırlayan insanlar olduqlarından bəhs edilir. Ən əhəmiyyətli və fövqəladə hadisələrdə, eləcə də yalnız çətinliklərlə üzləşdikdə və ya sıxıntıya düşdükdə Allahı və axirəti xatırlayıb,  gündəlik həyatda qarşılaşılan hadisələrdə qəflət içində olmaq kimi bir anlayış Quranın ruhuna tamamilə ziddir. Möminin hər anı, hər bir halı, etdiyi hər bir işi başına gələn hər bir hal-qəziyyə onun Allaha yaxınlaşması, əxlaqını gözəlləşdirməsi, savabını artırması üçün verilmiş fürsətdir. Quranda bir möminin həyatının hər anında bunu necə edəcəyi ilə bağlı bir çox misallar verilmişdir. Bunlardan biri də möminlərin evə daxil olarkən salam verərək gözəl əxlaq nümayiş etdirməsidir:

«...Evlərə daxil olduğunuz zaman bir-birinizi Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!» («Nur» surəsi, 61).

Ayənin sözləri ilə desək, düşünülsə və həmin sözün mənasına diqqət edilsə, verilən salamla bunlar gerçəkləşmiş olur. Ən əsası Allahın ayə ilə fərz qıldığı bir hökm yerinə yetirilmiş olur. Bununla yanaşı, Allahın sülh və əmin-amanlıq mənasını verən «Salam» adı xatırlanır. Möminlər belə bir vasitə ilə tez-tez bir-birinə ən gözəl arzularını çatdırıb, qarşılıqlı sevgi və bağlılıqlarını möhkəmləndirirlər. Birlikdə Allahı xatırlayır və cənnət davranışı olan salamlaşma ilə axirəti intizarla gözləmələrini ifadə edirlər. «Salam» sözü möminlərin aralarında olan etimad, inam və əmin-amanlığın bir ifadəsidir.

Geri