Müsəlmanlara dəstək vermək, onlarla çəkişməmək və münaqişəyə girməmək

Allah Öz ayələrində möminlərin birlik və həmrəylik içində olmalarını, bir-birinə hər bir məsələdə dəstək vermələrini və kömək etmələrini vacib bilmişdir.

Qurana baxdığımız zaman müsəlmanların yer üzündəki mövqeyinin və Allah dərgahındakı qiymətinin başqa insanlardan daha fərqli olduğunu görürük. Müsəlmanlar vicdanlı, əxlaqlı və şərəfli bir həyat yaşadıqları üçün Allahın sevdiyi və dəyərli saydığı insanlardır. Lakin Quranda Allah dərgahında qiymətli və hörmətli olan bu qulların sayının azlığına da diqqət çəkilir. Allah ayəsində əksər insanların iman gətirməyəcəyini və iman gətirən insanların bir çoxunun da şirk qoşmadan iman gətirməyəcəyini bildirir. Bu isə əsl müsəlmanların yer üzündə azlıq təşkil edəcəyi mənasına gəlir. Bu səbəbdən hətta bircə müsəlmanın belə iman gətirənlər baxımından əhəmiyyəti çox böyükdür. Belə ki, Quranda müsəlmanların bir-birləri üçün dəyəri qoruyucu, himayə edən, köməkçi mənasına gələn «vəli» sözündən istifadə olunaraq açıqlanır.

Elə buna görə də Allah hər bir əsrdə sayları olduqca az olan iman sahibi insanların bir-biri ilə sıx bağlı olmalarını əmr etmişdir. Müsəlmanların bir-birinin dəyərini yaxşı bilmələri, hər hansı bir çətinliklə üzləşəndə bir-birinə tam dəstək vermələri, yardımlaşmaları və birləşmələri Quranda müsəlmanların üzərinə qoyulan öhdəliklərdən biridir. Müsəlmanlar hər bir hadisə zamanı və ya hər bir şəraitdə bir-birini Allahın əmri ilə qoruyur və dəstəkləyirlər. Onlar bütün imkanları ilə - sözlə, maddi və ya mənəvi cəhətdən müsəlmanların qüvvətlənməsi, inkişaf etməsi və irəliləməsi üçün çalışırlar. Allah müsəlmanların bir-birinə necə bağlı olmalarının lazım gəldiyini bir ayədə belə bir bənzətmə ilə tərif edir:

«Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!» («Səff» surəsi, 4).

Ayədə diqqət yetirilən ən mühüm məqam müsəlmanlar arasında pozulması mümkün olmayan əlaqənin olmasının vacibliyidir. Bu, müsəlmanlar arasında mənəvi bağlılıq qədər, zahirən aydın görünən qüvvətli bir bağlılığın yaranmasının lazım olduğuna işarə edir. Yəni Quranda müsəlmanları uzaqdan seyr etmək və dəstəkləmək kimi məntiq yoxdur. Mömin bir insanın həqiqi yeri müsəlmanların arasındadır. Bu səbəbdən də inanc sahibi olan bir insan ibadətlərini, xidmətlərini və fikir mübarizəsini müsəlmanlar arasında yerinə yetirməklə, onlara dəstək verir.
Allahın şəninin ucaldılması, İslam dininin maraqlarının və möminlərin haqlarının qorunması, cahiliyyə əxlaqına qarşı fikir mübarizəsinin aparılması güclü birlik və həmrəyliyə əsaslanaraq mümkün ola bilər. Eyni zamanda möminlər Qurana əməl etməklə, Allahın əmrlərini yerinə yetirməklə yalnız müvəffəqiyyət və Allahın razılığını qazana bilərlər. Buna görə də möminlər arasındakı bağlılığın, bərabərlik və qardaşlıq ruhunun itməsinə və ya zəifləməsinə səbəb ola biləcək hər bir davranışdan qətiyyətlə uzaq olmaq lazımdır. Elə bu səbəbdən də imtina edilməsi lazım gələn ən əsas əməl «çəkişmə»dir. Şeytanın da hər yöndən dəstəklədiyi bu əməli Allah Quranda qəti olaraq qadağan etmişdir:

«Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!»
(«Ənfal» surəsi, 46).

Möminlər arasındakı həmrəylik, bağlılıq və birlik onların inkarçılar qarşısındakı qüvvələrinə də təsir edən, həyati əhəmiyyət kəsb edən amildir. Çəkişmə isə ayədə də bildirildiyi kimi, bu qüvvəni zəiflədən, heç bir fayda verməyən, şeytanın təşviqi ilə göstərilən nəfsani davranışdır. Bu səbəbdən də bir anlıq qəflətə qapılaraq çəkişən, mübahisə edən mömin dərhal diqqətini toplayıb ayənin hökmünü xatırlamalı, etdiyi işin Allahın bəyənmədiyi bir iş olduğunu dərk edib həmin davranışdan imtina etməli, tövbə edərək onu bir daha təkrarlamamalıdır.

Möminlər bu cür şeytani şəraitlər və ya bunlara səbəb ola biləcək danışıq və davranışlar qarşısında diqqətli olmalı, belə bir davranışa dərhal müdaxilə edərək onun qarşısını almalıdır. Zira Allah möminlərin hədəfini Quranda müəyyən etmişdir. Dini inkar edənlər, müşriklər və münafiqlərin birləşərək iman sahiblərinə qarşı mübarizə apardığı bir şəraitdə, onları buraxıb möminlərlə çəkişmək, onların şövqünü zəiflətmək, gücünü azaltmaq Qurana uyğun olan bir davranış deyil.

Möminlərə hər bir məsələ ilə bağlı ən doğru yolu Allah və Onun elçisi göstərmişdir. Hansı məsələdə olursa-olsun, Allahın dərgahında qəbul edilən yalnız bir həqiqət var. Möminlərin heç birinin bu məsələdə digərlərindən fərqli anlayışı, fərqli düşüncəsi ola bilməz. Buna görə də Quranda tərif edilən möminlər arasında heç bir mövzuda ixtilaf və ya münaqişədən söhbət gedə bilməz. Çünki Quranda diqqət yetirildiyi kimi, fikir ayrılığı və ixtilaf yalnız dini inkar edənlərə xas olan xüsusiyyətdir. Quranda möminlərin anlaşılmazlıqla üzləşdiyi məsələlərdə Allaha və Onun rəsulunun tövsiyələrinə arxalanmağın vacibliyi əmr edilir. Yalnız bu halda, hər bir məsələ öz həllini ən doğru şəkildə tapa bilər. Yoxsa möminlərin öz aralarında mübahisə edərək, çəkişərək problemləri həll etməyə, bir nəticə əldə etməyə çalışmaları Qurana tamamilə ziddir. Başqa bir ayənin hökmündə isə möminlər arasında nifaqın salınmasının qarşısının alınması çəkişmələrin, şeytanın qapılarının bağlanılması üçün ən yaxşı üsulun «sözün ən gözəlini demək» olduğu bildirilmişdir:

«Bəndələrimə de: «Gözəl sözlər söyləsinlər!» Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!» («İsra» surəsi, 53).

Geri